Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) orta perspektiv üçün üzv ölkələrdə bələdiyyə və s. infrastruktura maliyyə ayırmağı strateji öncüllük olaraq davam edəcək.
“Report” xəbər verir ki, bu barədə BSTDB-nin prezidenti Dimitriy Pankin “İnterfax Ukraine”ə müsahibəsində bildirib.
Son vaxtlar üzv ölkələr, o cümlədən Azərbaycanla Ermənistan, Türkiyə ilə Yunanıstan arasında gərginliyin artması, Ukrayna ilə Rusiya arasında davam edən qarşıdurma barədə suala cavab verən bank rəhbəri bildirib:
“Qara dəniz regionu uzun tarixi boyunca bir çox problemlər, ziddiyyətlər, gərginliklər yaşayıb. Lakin ölkələrimiz, xalqlarımız həmişə belə çətinlikləri dəf edərək əməkdaşlığa davam ediblər. BSTDB bütün diqqətini regional inkişaf mandatına yönəldərək Direktorlar Şurasının içərisinə siyasi mübahisələrin sızmasına yol verməməyi başlıca meyar olaraq qəbul edir. Bütün layihələri siyasi düşüncələrdən uzaq, yalnız inkişaf və maliyyə cəhətlərinə əsasən dəyərləndiririk”.
Cənubi Qafqaz Boru kəməri ilə Gürcüstan üzərindən Türkiyəyə nəql edilən təbii qazın mənbəyi olan "Şahdəniz-2" qaz kondensatı yatağının istismarı ilə irimiqyaslı layihəyə BSTDB-nin töhfəsini misal çəkən bank rəhbəri daha sonra qeyd edib:
“Sözsüz ki, beynəlxalq layihələrin, o cümlədən infrastruktura uzunmüddətli sərmayələrlə bağlı olanların icrası üçün siyasi sabitlik zəruri şərtdir”.
Bundan əvvəl “Report”a verdiyi müsahibədə SOCAR-ın Türkiyədəki fəaliyyətinə kredit ayırdıqlarını qeyd edən BSTDB rəhbəri həmçinin Azərbaycanın region ölkələri üzərindən dünya bazarlarına çıxışını asanlaşdıran TAP, TANAP kimi layihələrdə iştirak etməkdə maraqlı olduqlarını da qeyd etmişdi.
Qeyd edək ki, BSTDB-nın 2019-2022-ci illər üçün strategiyası üzv ölkələrdə infrastruktur layihələrinin dəstəklənməsini nəzərdə tutur. Bankın 11 üz ölkəsindən biri olan Azərbaycanın bankdakı payı 100 milyon avro, yəni ümumi kapitalın 5,03 faizidir.