Özbəkistanda ümumi daxili məhsul (ÜDM) istehsalı bu il 5,8 %, 2024-cü ildə isə 6,5 % artması gözlənilir.
“Report” xəbər verir ki, bunu Rusiyanın “Qazprombank” ASC-nin Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.
Son 2 ildə (2021-2022-ci illərdə) bu ölkədə ÜDM artımı müvafiq olaraq 7,4 % və 5,7 % olub.
“Özbəkistanın 2026-cı ilə qədər İnkişaf Strategiyası təsdiq edilib. Strategiyanın əsas məqsədi sənaye istehsalının 40 %, ixracın isə 30 milyard ABŞ dollarına çatdırılmasıdır. İxracda artımın əsasən yüksək əlavə dəyərli məhsullar hesabına təmin edilməsi nəzərdə tutulur. İxrac coğrafiyasının isə 115-dən 150 ölkəyə çatdırılması nəzərdə tutulur”, - G. Xaydarşina vurğulayıb.
Qeyd edək ki, 2022-ci ildə Özbəkistan iqtisadiyyatında yüksək əlavə dəyərli məhsulların payı 60 %-ə çatıb. Bunun 23 %-i sənaye məhsulları, 7 %-i kimya sənayesi məhsulları, 6 %-i digər hazır məhsullar, 5 %-i maşın və avadanlıqları, 20 %-i xidmətlər, 39 %-i isə digər məhsullar sektrounda istehsal edilmiş yüksək əlavə dəyərli məhsulların payına düşüb. Ötən il bu məhsulların ixracı 19,3 milyard ABŞ dolları təşkil edib.