“Premium Bank”ın aktivləri 4 % azalıb
- 15 oktyabr, 2024
- 13:21
“Premium Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 9,505 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 20,6 % çoxdur.
9 ay ərzində “Premium Bank”ın gəlirləri 36,973 milyon manat (illik müqayisədə 1,8 % az), xərcləri 27,548 milyon manat (12 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 80 min manat (19,1 dəfə az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “Premium Bank”ın aktivləri 650,959 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,9 % azdır. Bunun 458,831 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8,3 % böyüyüb.
Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 4,8 % azalaraq 473,061 milyon manata, o cümlədən depozit portfeli 17,3 % azalaraq 373,185 milyon manata, balans kapitalı isə 1,5 % azalaraq 177,898 milyon manata düşüb.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla Zərifə Həmzəyeva, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.