Pakistan və Azərbaycan maliyyə-bank sektorları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Maliyyə
  • 01 noyabr, 2022
  • 12:42
Pakistan və Azərbaycan maliyyə-bank sektorları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Pakistan və Azərbaycan maliyyə-bank sektorları arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov tviter səhifəsində yazıb.

"Bu gün Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye və Pakistan Milli Bankının Bakı filialının (ləğvetmə prosesində olan) rəhbəri Sheix Axşam Ahmad ilə görüşdük. Görüşdə filialın Azərbaycandakı fəaliyyətinə görə təşəkkürümüzü bildirərək, Pakistan və Azərbaycan maliyyə-bank sektorları arasında gələcək əməkdaşlıq imkanlarını müzakirə etdik", - o qeyd edib.

Xatırladaq ki, bu il oktyabrın 13-də AMB “Banklar haqqında” qanunun 16.1.2-ci və 17.3-cü maddələrini rəhbər tutaraq, Pakistan Milli Bankının müraciəti əsasında onun Bakı filialına verilmiş 30 iyun 2005-ci il tarixli lisenziyanı ləğv edib. Bu qərar Pakistan Milli Bankının Orta Asiya və Azərbaycan maliyyə bazarlarından çıxış üzrə kommersiya strategiyası çərçivəsində qəbul edilmiş qərardan irəli gəlib.

Lisenziyanın könüllü ləğvinə dair qərar qəbul edilərkən filialın ləğvetmə planı və təqdim edilmiş maliyyə hesabatları əsasında öhdəliklərinin icrası imkanlarının olması nəzərə alınıb. Belə ki, 30 sentyabr 2022-ci il tarixinə filialın likvid aktivləri (6,7 milyon manat) öhdəliklərini (0,5 milyon manat) dəfələrlə üstələyir. Filialın ləğvedicisi (baş menecer Sheikh Ahtsham Ahmed) qanunvericiliyə və filialın ləğvetmə planına müvafiq olaraq könüllü ləğv prosesini, o cümlədən kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirəcək. AMB qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində ləğvetmə prosesi üzrə nəzarət edəcək.