Neftin hazırkı qiymətləri ilə Azərbaycanın büdcə kəsiri yenilənmiş proqnozdan 5 dəfə az ola bilər

Neftin hazırkı qiymətləri ilə Azərbaycanın büdcə kəsiri yenilənmiş proqnozdan 5 dəfə az ola bilər “Əgər ilin sonunadək dünya bazarında neftin qiymətləri indiki səviyyədə qalarsa, Azərbaycanın dövlət büdcəsi ÜDM-in 0,5 %-dən çox olmayan kəsirlə icra oluna bilər”.
Maliyyə
8 İyun , 2023 18:56
Neftin hazırkı qiymətləri ilə Azərbaycanın büdcə kəsiri yenilənmiş proqnozdan 5 dəfə az ola bilər

“Əgər ilin sonunadək dünya bazarında neftin qiymətləri indiki səviyyədə qalarsa, Azərbaycanın dövlət büdcəsi ÜDM-in 0,5 %-dən çox olmayan kəsirlə icra oluna bilər”.

“Report” xəbər verir ki, bunu Rusiya “Qazprombank”ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina 2023-cü ilin dövlət büdcəsinin dürüstləşməsini şərh edərkən deyib.

“Ortamüddətli perspektivdə büdcə kəsirinin azalmasını gözləyirik və bu il büdcə minimal kəsirlə icra oluna bilər. Gözlədiyimiz kimi, 2023-cü ildə Azərbaycanın fiskal siyasəti pandemiya dövründə, iqtisadiyyatın bərpası üçün tələb olunan genişmiqyaslı fiskal stimulların olduğu dövrlə müqayisədə daha mühafizəkar olacaq”, - G.Xaydarşina bildirib.

Onun sözlərinə görə, parlament tərəfindən birinci oxunuşda qəbul edilən 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinə əsasən, kəsirin 2022-ci və 2021-ci illərdəki müvafiq olaraq ÜDM-in 3,6 %-dən və 4,1 %-dən (planlaşdırılmış səviyyə) 2,5 %-ə endirilməsi planlaşdırılır.

"Dövlət büdcəsinin gəlirləri və xərcləri üzrə proqnozlar neftin 1 barelinin qiyməti mühafizəkar 60 ABŞ dolları (ilkin 1 bareli 50 ABŞ dolları ilə müqayisədə) səviyyəsində nəzərə alınmaqla artırılıb. Eyni zamanda, ABŞ-ın bank sistemində risklərin artması fonunda dünya bazarlarında neftin qiymətinin 1 barel üçün 76 ABŞ dollarına düşməsinə baxmayaraq, “Brent” markalı neftin qiyməti (Azərbaycanın dövlət büdcəsində) nəzərdə tutulan səviyyədən 27 % yüksək olaraq qalır.

2023-cü ilin 4 ayı ərzində Azərbaycanın büdcə profisiti artıq 3,2 milyard manat və ya ÜDM-in 8,1 %-ni təşkil edir. Tarixən dördüncü rübdə pik həddə çatan xərclərin artması ilə yanaşı, ilin sonuna doğru büdcə balansı normallaşacaq”, - G.Xaydarşina qeyd edib.

Qeyd edək ki, Azərbaycanın 2023-cü ilin dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən, gəlirlər 33 milyard 779,5 milyon manat və ya ilkin proqnozdan 9,8 %-dən çox, xərclər isə 9,6 % artırılaraq 36 milyard 568,8 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi