"Muğanbank"ın aktivləri 2% artıb

"Muğanbank"ın aktivləri 2% artıb Bank bu ilin ilk 9 ayını xalis mənfəətlə başa vurub
Maliyyə
16 Noyabr , 2016 09:19
Muğanbankın aktivləri 2% artıb

Bakı. 16 noyabr. REPORT.AZ/ "Muğanbank" ASC-nin cəmi aktivləri 2016-cı il oktyabrın 1-nə 484,725 mln. manat təşkil edib. "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% çoxdur.

"Muğanbank"ın aktivlərinin 64,2%-ni və yaxud 311,07 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib ki, bu da illik müqayisədə 5,8% azdır.

Kreditlərin 9,95%-ni və yaxud 30,951 mln. manatını vaxtı keçmiş kreditlər təşkil edib. Bu, bir il əvvələ nisbətən 43,9% çoxdur. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 6,51%-dən 9,95%-ə yüksəlib.

İl ərzində Bankın öhdəlikləri isə 1,7% artaraq 426,938 mln. manat, cəmi kapitalı isə 6,9% artaraq 57,787 mln. manat olub.

Bu ilin yanvar-sentyabr aylarında "Muğanbank"ın faiz gəlirləri 46,239 mln. manat (0,05% artım), faiz xərcləri 21,722 mln. manat (10,9% artım), qeyri-faiz gəlirləri 5,657 mln. manat (66,5% azalma), qeyri-faiz xərcləri 1,809 mln. manat (88,6% azalma) təşkil edib. Bununla da, Bankın xalis əməliyyat mənfəəti 28,365 mln. manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çoxdur.

"Muğanbank" aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 12,763 mln. manat yönəldib. Digər gəlir və xərclərlə birlikdə Bank bu ilin ilk 9 ayını 91 min manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, kredit təşkilatı ötən ilin ilk 9 ayından 1,811 mln. manat xalis mənfəətlə çıxıb.

Xatırladaq ki, "Muğanbank" 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 55 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 275 min səhm əsasında formalaşıb. Səhmlərin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur. 

Son xəbərlər

Orphus sistemi