Fiskal və vergi tənzimlənməsi "yaşıl iqtisadiyyat"a keçidi təmin edən alətdir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri vəzifəsini icra edən Mikayıl Cabbarov Bakıda keçirilən "Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər" adlı Forumda bildirib.
"Bizim istəyimizdən asılı olmayaraq bir sıra dövlətlər, həmçinin ticarət tərəfdaşımız olan ölkələr artıq öz qanunlarını qəbul ediblər. Bizdə istehsal olunan məhsul bu dövlətlərə göndəriləndə həmin məhsulun karbon izi hesablanaraq əlavə vergilər, kvotalar, məhdudiyyətlər tətbiq edilir. Bu proses getdikcə genişlənib ölkələri əhatə edəcək. Buna görə də öz müəssisələrimizin rəqabət qabiliyyətini qoruyub saxlamaq istəyiriksə, bu tənzimləyici alətləri vaxtında müzakirə etməliyik", - deyə o qeyd edib.
"Arzum budur ki, ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarının heç olmasa birini bərpa olunan "yaşıl enerji" ilə qidalandıra bilək. İlkin mərhələdə sənaye zonalarından birininin "yaşıl enerji" əsasında fəaliyyətini təşkil etmək olar", - deyə M.Cabbarov vurğulayıb.