Dekabrın 11-də Azərbaycan Mərkəzi Bankında (AMB) cəmiyyətdə nağdsız ödənişlərə marağın artırılması məqsədilə həyata keçirilən və cari ilin noyabr ayını əhatə edən “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın uduş fondu oynanılıb.
Bu barədə “Report”a AMB-dən bildirilib.
Məlumata görə, lotereya ölkə prezidentinin 2018-ci il 26 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində əhalinin rəqəmsal ödənişlərə stimullaşdırılması, təsərrüfat subyektlərində nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə həyata keçirilib.
Lotereya dövründə Azərbaycan banklarının emissiya etdiyi bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə minimum 5 manatlıq nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edib. Ümumilikdə isə, noyabrda lotereya şərtlərinə uyğun olan 538 429 ödəniş kartı ilə aparılmış 2 471 829 əməliyyat lotereyada qalib olmaq şansı əldə edib. Lotereya nəticələrinə uyğun olaraq, qalib gəlmiş 899 ödəniş kartı sahibinin hesabına hər biri 100 manat məbləğində olmaqla “cashback” vəsaiti mədaxil edilib.
Nəticə etibarilə, cari ilin noyabr ayı ərzində bütün ölkə üzrə ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların sayı 11 milyona, həcmi isə 592 milyon manata çatıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 61% və 32% artım deməkdir. Eyni zamanda, POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların say və həcm göstəricilərində ötən ilin noyabr ayı ilə müqayisədə müvafiq olaraq 90% və 94% artım müşahidə olunub. POS-terminal vasitəsilə aparılan təmassız ödənişlərin say və həcm göstəriciləri isə ötən ilin 11-ci ay indikatorlarını müvafiq olaraq 3,6 və 5,5 dəfə üstələyib.
“Kartla ödə, kartla qazan” lotereyası AMB-nin bu il təşkil etdiyi sayca 3-cü stimullaşdırıcı kampaniyadır. Bu kimi tədbirlərin nağdsız ödənişlərin təşviqinə vermiş olduğu töhfə statistik göstəricilərdə öz əksini tapmaqdadır. Növbəti illərdə də nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində təbliğat və təşviqat tədbirləri davam etdiriləcək.
Lotereya üzrə qaliblərin siyahısı ilə AMB-nin internet