IsDB-nin yaşıl və dayanıqlılıq üzrə sukuk buraxılışının ümumi dəyəri 6 milyard dollara çatıb
- 19 may, 2026
- 11:31
İslam İnkişaf Bankının (IsDB) yaşıl və dayanıqlılıq üzrə sukuk buraxılışının ümumi dəyəri təxminən 6 milyard ABŞ dollarına çatıb.
"Report" xəbər verir ki, bunu İslam İnkişaf Bankının (IsDB) Dayanıqlılıq və İqlim Fəaliyyəti Departamentinin İqlim Dəyişikliyi üzrə aparıcı mütəxəssisi Bradley Hiller Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Dayanıqlı Ərəb şəhərləri üçün təbiət əsaslı həllər: Yerli fəaliyyətdən şəhər transformasiyası" tədbirində bildirib.
Onun sözlərinə görə, sonuncu dəfə 2025-ci ilin oktyabrında IsDB 500 milyon avroluq "yaşıl sukuk" (islam istiqrazı) buraxıb: "Buradakı ideya ondan ibarətdir ki, siz ictimai rifah gətirə biləcək investisiyalar üçün özəl sektor maliyyəsini cəlb etməyə kömək edə bilərsiniz".
B.Hiller qeyd edib ki, İslam maliyyələşdirməsi ilə bağlı ortaya çıxan digər bir nümunə isə vəqfdir: "Bu yaxınlarda Dünya Bankı Qrupu ilə birlikdə islam maliyyəsi və iqlim gündəliyi barədə bir hesabatı tamamladıq, hansı ki, orada bir "vəqf meşəsi" nümunəsinə baxılmışdı. Bu, vəqf edilmiş (bağışlanmış) torpaqların meşəbərpa, biomüxtəlifliyin qorunması və karbonun sekvestrasiyası (tutulması) üçün daimi olaraq mühafizə edildiyi və idarə olunduğu, eyni zamanda dayanıqlı meşə əsaslı, iqtisadi fəaliyyətlər vasitəsilə yerli əhalinin dolanışığını təmin etdiyi bir modeldir. Beləliklə, bunlar təbiət əsaslı həllərin (NBS) miqyasını artırmağa kömək edə biləcək innovativ yanaşma nümunələridir.
İkincisi, bir çox insan çoxtərəfli inkişaf bankları haqqında düşünəndə, onların kredit verən qurumlar olduğunu düşünür. Lakin biz həm də biliklərin formalaşdırılması və metodologiyanın işlənib hazırlanmasında kifayət qədər güclü rol oynayırıq. Bu gün danışdığımız hesabat həmin bilik formalaşdırılmasının bir nümunəsidir".