Vüqar Bayramov: Zəfərdən sonra Kəlbəcər rayonunun iqtisadiyyatı 30 dəfədən çox böyüyüb

Daxili siyasət
  • 24 noyabr, 2026
  • 11:46
Vüqar Bayramov: Zəfərdən sonra Kəlbəcər rayonunun iqtisadiyyatı 30 dəfədən çox böyüyüb

27 illik işğal müddətində ən azı 10 milyard dollarlıq ziyan vurulan Kəlbəcər rayonunun iqtisadiyyatı Zəfərdən sonra 30 dəfədən çox böyüyüb

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin payız sessiyasının bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Kəlbəcərdə mərmər oniksi və nefroid də daxil olmaqla, bir sıra faydalı təbii ehtiyatlar mövcuddur:

"Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir. Ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verdi".

Deputat həmçinin vurğulayıb ki, tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biridir:

"Son 5 ildə Kəlbəcər Cənubi Qafqazın ən dinamik inkişaf edən yaşayış məntəqələrindəndir. 2020-ci ildə iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 49 milyon manat olan Kəlbəcər rayonunda hazırda 1,5 milyard manatdan çox məhsul istehsal olunur. Zəfərdən sonra Kəlbəcər rayonunun iqtisadiyyatı 30 dəfədən çox böyüyüb. 2020-ci ildə cəmi 224 min manatlıq sənaye məhsulu istehsal edən Kəlbəcər artıq 150 milyon manatdan yüksək sənaye potensialına malikdir. Bərpa və yenidənqurma işləri ilə əlaqədar Kəlbəcərdə tikinti sektoru son 5 ildə 165 dəfə böyüyüb. Bu, qlobal olaraq bir yaşayış məntəqəsi üçün rekord göstəricilərdəndir".