İran Milli Bankının Bakı filialının kredit portfeli 62 % kiçilib
- 05 aprel, 2024
- 08:05
Yeniliklərdən dərhal xəbərdar olun!
İran Milli Bankının Bakı filialı bu ilin I rübünü 2,49 milyon manat mənfəətlə başa vurub.
"Report" filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur.
Yanvar-mart aylarında İran bankının gəlirləri 1,124 milyon manat (1 il əvvələ nisbətən 11,6 % çox), xərcləri 413 min manat (21,5 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1,779 milyon manat (12,7 dəfə çox) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə İran bankının aktivləri 114,827 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,2 % çoxdur. Bunun 3,203 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 62,1 % kiçilib.
Hesabat dövründə İran bankının öhdəlikləri 10,4 % artaraq 71,18 milyon manata, o cümlədən depozit portfeli 2,85 dəfə artaraq 35,623 milyon manata, balans kapitalı isə 15,1 % artaraq 43,647 milyon manata çatıb.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.