İran Milli Bankının Bakı filialının kredit portfeli 27 % kiçilib
- 10 iyul, 2023
- 05:08
Yeniliklərdən dərhal xəbərdar olun!
İran Milli Bankının Bakı filialı bu ilin I yarısını 2,083 milyon manat mənfəətlə başa vurub.
"Report" filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Yanvar-iyun aylarında İran bankının gəlirləri 1,725 milyon manat (1 il əvvələ nisbətən 3,8% az), xərcləri 990 min manat (9 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1,348 milyon manat (13,6 dəfə çox) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə İran bankının aktivləri 77,059 milyon manat olub ki, bu da illik müqayisədə 14,4 % azdır. Bunun 7,135 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 26,7 % kiçilib.
Hesabat dövründə İran bankının öhdəlikləri 30 % azalaraq 37,69 milyon manata, o cümlədən depozit portfeli 85,3 % azalaraq 1,49 milyon manata düşüb, balans kapitalı isə 8,7 % artaraq 39,369 milyon manata çatıb.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.