İran Milli Bankının Bakı filialı xüsusi ehtiyatlara ayırmanı kəskin artırıb
- 07 oktyabr, 2021
- 06:57
Yeniliklərdən dərhal xəbərdar olun!
İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 964 min manat mənfəətlə başa vurub. Halbuki, filial ötən ilin eyni dövründən 898 min manat xalis mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, 9 ay ərzində İran bankının gəlirləri 3,26 milyon manat (illik müqayisədə 30,9% çox), xərcləri 1,419 milyon manat (0,9% az), xüsusi ehtiyatlara ayırmaları 878 min manat (5,7 dəfə çox) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə İran bankının aktivləri 86,486 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,3% çoxdur. Bunun 9,937 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 85% böyüyüb.
Hesabat dövründə İran bankının öhdəlikləri 1,2% azalaraq 48,144 milyon manat, o cümlədən depozit portfeli 1,9% artaraq 9,832 milyon manat, balans kapitalı isə 2,3% artaraq 38,343 milyon manat təşkil edib.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.