İran Milli Bankının Bakı filialı mənfəətdən zərərə keçib
- 10 yanvar, 2022
- 11:16
İran Milli Bankının Bakı filialı 2021-ci ili 1,96 milyon manat xalis zərərlə başa vurub. Halbuki, filial 2020-ci ildən 784 min manat xalis mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il İran bankının gəlirləri 4,02 milyon manat (illik müqayisədə 16 % çox), xərcləri 2,242 milyon manat (2,9% az), xüsusi ehtiyatlara ayırmaları 3,733 milyon manat (10,2 dəfə çox), mənfəət vergisi ödəmələri 4 min manat (2,2 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə İran bankının aktivləri 86,841 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,3% azdır. Bunun 9,845 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bakı filialının kredit portfeli 88,5% böyüyüb.
Hesabat dövründə İran bankının öhdəlikləri 8,7% azalaraq 51,422 milyon manat, o cümlədən depozit portfeli 0,3% artaraq 10,733 milyon manat, balans kapitalı isə 5,2% azalaraq 35,419 milyon manat olub.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.