Azərbaycan Mərkəzi Bankı “İpək Yolu Sığorta” ASC-nin könüllü müraciəti əsasında, şirkətə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə verilmiş icazənin ləğv edilməsi yolu ilə ona sığorta fəaliyyətinə verdiyi lisenziyanın qüvvəsini məhdudlaşdırıb.
Bu barədə "Report"a tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, “İpək Yolu Sığortanın müraciəti şirkətin malik olduğu mövcud insan, maliyyə və texnoloji resursları, eləcə də qarşıdakı dövrün inkişaf perspektivləri nəzərə alınmaqla qəbul edilən yeni biznes strategiyasına əsasən digər sığorta növlərinin inkişaf etdirilməsinin planlaşdırılması ilə əlaqədardır. Ötən il “İpək Yolu Sığorta” avtomobillərin icbari sığortası üzrə 334 520 manat sığorta haqqı toplayıb ki, bu da həmin növ üzrə toplanılan sığorta haqlarının 0,3 %-ni təşkil edir.
Qanunun 105.3-cü və 105.4-cü maddələrinə müvafiq olaraq sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir. Sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növü üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatana qədər və yaxud onlara Mülki Məcəllənin 919-cu maddəsində nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilənə qədər yerinə yetirməlidir.