Azərbaycanın dövlət büdcəsində profisit 2 dəfəyə yaxın artıb

Azərbaycanın dövlət büdcəsində profisit 2 dəfəyə yaxın artıb 2025-ci ilin I rübündə xəzinədarlıq orqanları tərəfindən 320 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri artıqlaması ilə icra olunub.
Maliyyə
8 aprel 2025 10:02
Azərbaycanın dövlət büdcəsində profisit 2 dəfəyə yaxın artıb

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 milyard 733,4 milyon manat, xərcləri isə 8 milyard 115 milyon manat təşkil edib. 

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 % çox və 1,6 % azdır. 

Hesabat dövründə gəlirlər 101,8 %, xərclər isə 98 % icra edilib. 

Son nəticədə büdcədə 1 milyard 618,4 milyon manat profisit yaranıb ki, bu da 1 il əvvələ nisbətən 97 % çoxdur. 

"Yanvar-mart aylarında xəzinədarlıq orqanları 320 mindən çox ödəniş tapşırığı yerinə yetirib və büdcə gəlirlərini artıqlaması ilə icra edib. Büdcə xərclərinin az icra edilməsi isə mart ayında iş günlərinin sayının az olması ilə bağlıdır", - deyə nazirlik bəyan edib. 

Xatırladaq ki, bu il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (ötən ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir. 

Son nəticədə büdcədə ÜDM-in 2,4 %-i qədər - 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır. 

Orphus sistemi