Hesablama Palatası icmal büdcənin 1/3-ni auditdən keçirməyi hədəfləyir
- 18 noyabr, 2026
- 12:06
Yeniliklərdən dərhal xəbərdar olun!
2027-ci ildə Azərbaycanda icmal büdcənin 1/3-nin auditlə əhatə olunması hədəflənir.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Gələn il işimiz bəzi planlaşdırılmış fəaliyyət və nəticə göstəriciləri ilə müşayiət olunacaq. Audit və analitik fəaliyyət formasında 40 kənar dövlət maliyyə nəzarəti tədbirinin keçirilməsi nəzərdə tutulub. Ayrılan vəsaitlər hesabına tematik dövlət auditlərinin sayının iki dəfə artırılması, performans (səmərəlilik) auditlərinin payının isə ümumi audit portfelinin 15 %-dən çox olması nəzərdə tutulur. Eyni zamanda, bir sektorda ortamüddətli xərclər çərçivəsinin dövlət auditi çərçivəsində qiymətləndirilməsi, həmçinin dörd dövlət qurumunda konsolidə edilmiş maliyyə hesabatlarının auditi planlaşdırılır. Ən azı iki səmərəlilik auditində iqlim dəyişiklikləri, Dayanıqlı İnkişaf Məqsədləri və digər aktual mövzuların əhatə olunmasını planlaşdırırıq", - deyə o qeyd edib.
Bundan başqa, sədr müavini deyib ki, gələn il Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrıca rəy verilməsi nəzərdə tutulur: "Xxərclərin 1 2%-i hesabına büdcə layihəsi və icraatı üzrə 7 rəyin, bir yarımillik və bir illik məlumatın hazırlanması nəzərdə tutulur. Rəylərin sayının artırılması Naxçıvan üzrə büdcənin layihəsinə və icrasına rəy verilməsinin hüquqi əsaslarının yaradılması ilə bağlı nəzərdə tutulur. Növbəti il üçün rəylərdə təhlil ediləcək kəsimlərin əhatəsinin 96 %-dən, xərclərin əhatəsinin 85 %-dən çox olmasını planlaşdırırıq".