"Bank VTB Azərbaycan"ın rəhbəri: "Fiziki şəxslərin əmanətlərinin sığortası qaydası dəyişdirilməlidir"

Maliyyə
  • 29 may, 2019
  • 09:16
Bank VTB Azərbaycanın rəhbəri: Fiziki şəxslərin əmanətlərinin sığortası qaydası dəyişdirilməlidir

"Azərbaycanda fiziki şəxslərin əmanətlərinin sığortası sahəsində klassik qayda, yəni maksimum məbləğin ödənilməsi tətbiq olunmalıdır".

“Report” xəbər verir ki, bunu "VTB-Azerbaijan" Bankının İdarə Heyətinin sədri Yevgeni Kirin mətbuat konfransında bildirib.

“Azərbaycan Əmanətlərin Sığortası Fondu (ADİF – Azerbaican Deposit İnsurance Fund) tərəfindən tətbiq olunan mövcud sistem 2015-2016-cı illərin böhranı üçün əsaslı olaraq nəzərdə tutulmuşdu. Hazırda manatın sabit məzənnəsi, beynəlxalq reytinq agentliklərinin müsbət proqnozları nəzərə alınsa, indi əmanətlərin sığortasında klassik qaydaya keçmək məqsədəuyğundur, bununla əmanətçilər də depozit yerləşdirmək üçün bankı daha diqqətli seçərlər”, – bank rəhbəri deyib.

O, ölkədəki əlverişli makroiqtisadi vəziyyətin köhnə sistemə qayıtmağı şərtləndirdiyini söyləyib. 

Onun sözlərinə görə, bununla da depozit bazarının sabitləşməsinə, inflyasiya səviyyəsindən asılı kredit dərəcələrinin normal səviyyəsinə nail olunacaq: “Hər bankın risklərə və faiz dərəcələrinə dair mövqeyi olduğuna görə, ADİF-in tətbiq etdiyi maksimum əmanət dərəcəsi bankların cəlb etdiyi əmanətlərin dərəcəsindən yüksəkdir”.

Qeyd edək ki, ADİF tərəfindən tətbiq olunan xarici valyutadakı sığortalanmış əmanətlərin dərəcəsinin maksimum həddi 3 faiz, milli valyutada isə 15 faizdir.

İlahə Məmmədli

44 filmi