Bakı. 25 dekabr. REPORT.AZ/
Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bank təmsilçilərini Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” qaydaları ilə tanış edib.
Mirzə Əliyev bildirib ki, yeni qaydalar həm fermerlər, həm təchizatçılar, həm də banklar üçün bir sıra üstünlüklərə malikdir. “Kreditlərin məbləğindəki yeni bölgülər fermerlərin tələblərinə və imkanlarına uyğunlaşdırılıb. Xüsusilə, mikrokreditlərin və kiçik həcmli kreditlərin məbləği kiçik fermerlər üçün kreditlərin əlçatan olmasını təmin edir. Məsələn, əvvəlki qaydalarda mikro kreditlərin həddi 1 000 manatadək idi və bu, ən kiçik işə başlamaq istəyən fermerə kifayət etmirdi. Hazırda bu məbləğ 5 000 manatadək artırılıb. Eyni fikri məbləği 20 000 manatdan 30 000 manata artırılmış kiçik həcmli kreditlər barədə də demək olar”, – agentlik sədri bildirib.
Yeni qaydaların iri istehsalçılar üçün də əlverişli şərtlər təklif etdiyini diqqətə çatdıran Mirzə Əliyev AKİA-nın vəsaiti hesabına kənd təsərrüfatı texnikası alınması məqsədi ilə 1 mln. manatadək kredit verilməsi imkanının yarandığını əlavə edib.
Agentlik sədri kənd təsərrüfatı texnikalarının lizinqə götürülmə qaydalarında da üstünlüklər yarandığını bildirib. “İndi fermerlər istədikləri istehsalçı və satıcıdan texnika ala biləcəklər”, – Mirzə Əliyev deyib.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri bank rəhbərlərini əməkdaşlığa çağırıb.