Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) baş iqtisadçısı dəyişib.
“Report” xəbər verir ki, bankın yeni baş iqtisadçısı Beata Yavorçik (Beata Javorcik) sentyabrın 1-dən öz səlahiyyətlərinin icrasına başlayıb.
Məlumata görə, B.Yavorçik bu vəzifədə Rusiyalı iqtisadçı Sergey Quriyevi əvəz edib.
“Oxford” Universitetində iqtisadi qanunvericiliyin hazırlanması üzrə professor dərəcəsi alan ilk qadın kimi tarixə düşən baş iqtisadçı Ph.D. dərəcəsini isə “Yale” Universitetində əldə edib. O, EBRD-nin baş iqtisadçı vəzifəsindədə ilk qadın olaraq çalışacaq.
EBRD prezidenti Sir Suma Çakrabarti deyib ki, B.Yavorçikin təyinatı Bankın işinə böyük töhfə verəcək: “Bilirəm ki, Beata Yavorçik Bankın işinə böyük töhfə verəcək. Baş İqtisadçı olaraq, o, EBRD-nin həyat səviyyəsinin yaxşılaşdırılmasına sərmayə qoyduğu ölkələrə verdiyi müsbət təsirini idarə etməyə kömək edəcək”.
B. Yavorçik isə EBRD-də vəzifə almasından məmnun olduğunu qeyd edib.
“Bu mənə belə vacib qurumun işində iştirak etmək üçün unikal fürsət verəcək. Tədqiqatımın əsas mövzusu keçid iqtisadiyyatı və inkişaf etməkdə olan ölkələrin qloballaşmanı iqtisadi artımı stimullaşdırmaq üçün necə istifadə edə biləcəyini araşdırmaqdır. EBRD-nin baş iqtisadçısı olaraq, Bankın fəaliyyət göstərdiyi ölkələrin mənafeyinə konkret bir töhfə gözləyirəm”, - o bildirib.
Xatırladaq ki, B. Yavorçik bundan öncə Dünya Bankının Vaşinqton ofisində çalışıb. Baş iqtisadçı bu vəzifəyə 2019-cu ilin fevralın 25-dən təsdiqlənsə də qərar sentyabrın 1-dən qüvvəyə minib.
Onun əvəz etdiyi S.Quriyev isə 2006-cı ildən EBRD-nin baş iqtisadçısıdır və o, bundan sonra iqtisadiyyat üzrə professor kimi Paris Elmlər İnstitutuna (Sciences Po in Paris) dönəcək.