EBRD Azərbaycanda mebel istehsalçısına kredit ayırıb
- 12 avqust, 2025
- 15:56
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın mebel istehsalçısı və distribütoru olan “Saloglu Holding”ə milli valyutada 7 milyon ABŞ dolları ekvivalentində kredit ayırıb.
“Report” EBRD-ə istinadən xəbər verir ki, bu kredit şirkətə Ağstafadakı istehsal müəssisəsi üçün yeni avadanlıq almağa və pərakəndə mağazalar şəbəkəsini yeniləməyə imkan verəcək.
Kredit iki tranşa bölünüb: 4 milyon dollar və 3 milyon dollar. Layihənin ümumi dəyəri 8 milyon dollardır.
EBRD 2019-cu ildə də “Saloglu”ya 4 milyon avro kredit vermişdi. Bu kredit şirkətə Azərbaycanın paytaxtında zavod, anbar və flaqman mağaza inşa etməyə imkan yaratmışdı.
“Saloglu” hazırda Bakı və respublikanın regionlarında 18 mağazaya malikdir.
Azərbaycan 1992-ci ildən EBRD-nin üzvüdür. 2025-ci il iyunun 30-na olan məlumata görə, EBRD Azərbaycanda 198 layihəni maliyyələşdirib və ümumilikdə 3,65 milyard avro investisiya qoyub. Bank hazırda Azərbaycanda 34 layihə həyata keçirir və təxminən 1 milyard avro həcmində aktiv portfelə malikdir.