2023- 2028-ci illəri əhatə edən Dünya Bankı Qrupunun Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması üzrə növbəti addımlar müzakirə edilib.
“Report” xəbər verir ki, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Rolande Praysla keçirtdiyi görüşdə aparılıb.
Məlumata görə, görüşdə Dünya Bankının Azərbaycanda potensial gələcək fəaliyyəti və investisiya layihələrinin indikativ proqramı müzakirə olunub.
İqtisadiyyat naziri Rolande Praysı və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefani Stallmeysteri yeni vəzifələrinə təyin olunmaları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
M. Cabbarov Azərbaycanın Dünya Bankı ilə uğurla əməkdaşlıq etdiyini, ölkəmizdə, Bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihlərinin yüksək qiymətləndirildiyini bildirib. Nazir qeyd edib ki, Dünya Bankı ilə əlaqələr çoxşaxəlidir. Bankla özəl sektorun diaqnostikası, innovasiyalar, rəqəmsal inkişaf, idarəetmə texnologiyalarının inkişafı və digər sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi baxımından xüsusi önəm kəsb edir.
Görüşdə Azərbaycan iqtisadiyyatının prioritetləri, o cümlədən iqtisadi diversifikasiya, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə məlumat verilib.
R.Prays Azərbaycanın strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Bankın hökumət ilə sıx əməkdaşlığı davam etdirəcəyinə əminliyini bildirib, tərəfdaşlığın yeni istiqamətləri barədə fikirlərini bölüşüb.