Dünya Bankı Azərbaycanın cari hesab balansının profisitinin artacağını proqnozlaşdırır
- 11 aprel, 2022
- 10:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya Bankı bu il Azərbaycanın cari hesab balansının profisitinin ümumi daxili məhsula (ÜDM) nisbətinin 22,7 % olacağını proqnozlaşdırır. Bu göstərici 2021-ci ildə 15,2 % təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair yenilənmiş hesabatında bildirilib.
Hesabata əsasən, Azərbaycanın cari hesab balansının profisitinin ÜDM-yə nisbəti gələn il 16,5 %-ə, 2024-cü ildə 12,3 %-ə enəcəyi gözlənilir.
Xatırladaq ki, Dünya Bankının ötən ilin oktyabr ayında Avropa və Mərkəzi Asiya ölkələrinin iqtisadi perspektivlərinə dair hesabatında, bu göstərici, 2022-ci il üçün 6,4 %, 2023-cü ildə isə 4,5 % səviyyəsində proqnozlaşdırılmışdı.
"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyinin proqnozuna əsasən, bu il Azərbaycanın cari hesab balansının profisitinin ÜDM-yə nisbəti 23,7 % olacaq. Bu, əvvəlki proqnoz ilə müqayisədə 15,8 faiz bəndi çoxdur.
Qeyd edək ki, ötən il Azərbaycanın cari əməliyyatlar balansında 8 milyard 291,6 milyon ABŞ dolları məbləğində qalıq yaranıb. Halbuki, 2020-ci ildə bu göstərici üzrə 227,6 milyo ABŞ dollarlıq kəsir yaranmışdı.
Son 1 ildə neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının qalığı 2,8 dəfə artaraq 14 milyard ABŞ dollara, qeyri-neft-qaz sektoru üzrə kəsir isə 7,7 % artaraq 5,7 milyard ABŞ dollara çatıb.