Dünya Bankı Azərbaycan üzrə yeni əməkdaşlıq sənədi hazırlayır
- 17 noyabr, 2014
- 06:16
Bakı. 17 noyabr. REPORT.AZ/ Dünya Bankı Azərbaycanla əməkdaşlıq çərçivəsində yeni ölkə strategiyasının layihəsini hazırlayır. Bunu “Report”a açıqlamasında Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali (Henry Godfrey Rupiny Kerali) deyib: "Müqavilə təxminən 6 aya hazır olacaq və bu sənəd 4-5 illik müddəti əhatə edəcək".
H.Kerali qeyd edib ki, sənədin ilkin layihəsi artıq Azərbaycan hökuməti ilə razılaşdırılıb: "Strategiya çərçivəsində 2016-cı il üçün 460 mln. dolların ayrılması nəzərdə tutulur. Bu vəsait əsasən Azərbaycanın kənd təsərrüfatı inkişafı, su sistemlərinin təkmilləşdirilməsi və təhsil sahəsinə ayrılacaq”.
Bununla yanaşı H.Kerali bildirib ki, Azərbaycan hökuməti DB-dən aldığı bəzi kreditlər üzrə öhdəliklərini vaxtından əvvəl yerinə yetirməyə hazır olduğunu bəyan edib: "Bu, ölkənin sürətli inkişafı ilə bağlıdır. Azərbaycanla müqaviləyə əsasən, o, 5 ildən sonra kreditləri geri ödəməli idi. Amma Azərbaycan çox sürətlə inkişaf edir və artıq 2012-ci ildən özünün bəzi kredit borclarını qaytarmağa hazır olduğunu bildirib. Hazırda bu məsələ ətrafında tərəflər arasında danışıqlar gedir”.