Prezident İlham Əliyevin 31 avqust 2023-cü il tarixli “Dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamında nəzərdə tutulmuş qurumlar səhmlərinin ilkin kütləvi tədavülü (İPO) üçün müəyyən tələblərə cavab verməlidir.
Bunu "Report"a açıqlamasında "Bakı Fond Birjası" QSC-nin (BFB) baş kommersiya inzibatçısı Oqtay Qasımov bildirib.
Xatırladaq ki, söhbət “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB), “Bakı Telefon Rabitəsi” MMC, “Aztelekom” MMC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “AzerGold” QSC, Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid və Metanol zavodlarından gedir.
"Özəl investisiya qoyuluşu həm birbaşa maliyyələşdirmə, həm də səhm emissiyası yolu ilə həyata keçirilə bilər. Siyahıda olan şirkətlərdən ilk olaraq ABB İPO-ya çıxıb. Digər şirkətlər də buna müxtəlif dərəcədə hazırdır. Amma hər şirkət İPO-ya çıxa bilməz. Müxtəlif tələblər var ki, onlara cavab verilməlidir. Birja olaraq nəinki həmin 8 şirkət, həmçinin iqtisadiyyatın digər sahələrində olan böyük şirkətlərlə aktiv görüşlər keçirir, listinq məsləhət proqramı çərçivəsində onların kapital bazarına çıxışını təşviq edirik", - deyə o qeyd edib.