İlk xəbər saat 12:00-da verilib
Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycanın bank sektorunun aktivləri bu il dekabrın 1-nə 29 827,2 mln. manat təşkil edib.
“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur.
Sektorun aktivlərinin 10 655,7 mln. manatını və yaxud 35,7%-ni müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə kredit portfeli 5,05% böyüyüb.
Hesabat dövründə bankların cəmi öhdəlikləri 10% artaraq 25 579,7 mln. manata, o cümlədən cəmi depozit portfeli 18,1% artaraq 18 571,2 mln. manata çatıb. Bunun 7 989,9 mln. manatı fiziki, 10 581,3 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Son 1 ildə əhalinin banklardakı əmanətləri 8,8%, şirkətlərin banklardakı vəsaitləri isə 26,3% artıb.
Bu müddətdə bank sektoru Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısındakı öhdəliyini isə 26,5% azaldaraq 403,1 mln. manata endirib. Amma bu, 1 ay əvvəllə müqayisədə 8,5 mln. manat və yaxud 2,15% çoxdur. Başqa sözlə, banklar yenidən AMB-dən borclanmağa başlayıblar.
İl ərzində sektorun cəmi kapitalı isə 35,3% artaraq 4 247,5 mln. manat təşkil edib.