Bakı. 25 dekabr. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC 2015-ci il ərzində mövcud filial şəbəkəsini daha da genişləndirmək niyyətindədir. "Report" xəbər verir ki, bunu bankın İdarə Heyətinin üzvü Tural Vəliyev bildirib.
Onun sözlərinə görə, gələn ay bankın Gəncə şəhərində filialı açılacaq: "Daha sonra isə Quba, Salyan, Şəki filiallarının açılması gözlənilir".
T.Vəliyev qeyd edib ki, hazırda "Bank VTB (Azərbaycan)"ın 8 filialı fəaliyyət göstərir.
"Bu 5 il ərzində bankın şəbəkəsi inkişaf edib genişləndikcə əməkdaşların sayı da sürətlə artıb. Əgər 2010-cu ildə bank 94 əməkdaşdan ibarət idisə, 2014-cü ildə onların sayı 400 nəfəri keçib", - İdarə Heyətinin üzvü bildirib.
T.Vəliyev əlavə edib ki, 2014-cü il dekabrın 1-nə bankın müştərilərinin ümumi sayı 24,3 minə çatıb. Bunun 479-u korporativ, 23 785-i isə pərakəndə müştərilərdir.