"Bank BTB”nin mənfəəti kəskin azalıb
- 16 aprel, 2024
- 15:52
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bank BTB” ASC bu ilin I rübünü 129 min manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 85,5 % azdır.
Yanvar-mart aylarında "Bank BTB”nın əməliyyat gəlirləri 8,701 milyon manat (illik müqayisədə 4,4 % çox), əməliyyat xərcləri 7,796 milyon manat (5,1 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 605 min manat (20,9 % az), gözlənilməz xərcləri isə 1,381 milyon manat (1 il bundan əvvəl olmayıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə "Bank BTB”nin aktivləri 368,949 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2 % azdır. Bunun 273,913 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,3 % böyüyüb.
Hesabat dövründə "Bank BTB”nin öhdəlikləri 2,8 % azalaraq 316,308 milyon manat, o cümlədən depozit portfeli 0,5 % artaraq 149,679 milyon manat, balans kapitalı isə 3,5 % artaraq 52,641 milyon manat, o cümlədən nizamnamə kapitalı 7,5 % artaraq 71,45 milyon manat olub.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Bankın səhmləri Nigar Mehdiyevaya, Rza Sadiqə (Müşahidə Şurasının sədri) və Tükəzban Mahmudovaya məxsusdur.