İyunun 13-14-də Bakıda "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin təşkilatçılığı ilə "Fintech Summit 2023" - Maliyyə və Texnologiyalar Sərgisi keçiriləcək.
“Report” bu barədə ABA-ya istinadən xəbər verir.
Məlumata görə, tədbir “Bank və Ödəniş Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Fintexlər və Təhlükəsizlik” mövzusunda baş tutacaq.
Sammit çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiya Günləri” elan ediləcək və müxtəlif əlaqədar yan tədbirlər (mitaplar, vebinarlar, yarışmalar və s.) keçiriləcək.
"Fintech Summit" bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, öz məhsullarını təqdim etdiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birgə müzakirə olunduğu platforma, bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammit tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir.