Bakı Fond Birjası (BFB) martın 1-dən iyulun 1-nə qədər dövlət istiqrazları və Azərbaycan Mərkəzi Bankının notları ilə repo əməliyyatlarının aparılmasına komissiya haqqı tətbiq etməyəcək.
“Report” xəbər verir ki, bu barədə BFB məlumat yayıb.
Bildirilir ki, bu addım, AMB-nin tövsiyyəsi ilə mütəşəkkil kapital bazarının stabil inkişafını stimullaşdırılması və repo əməliyyatlarının genişləndirilməsi məqsədilə atılıb.
“Bakı Fond Birjası tərəfindən kapital bazarında qiymətli kağızların təşviq edilməsi məqsədilə mütəmadi olaraq stimullaşdırıcı tədbirlər həyata keçirilməkdədir. Repo bazarı maliyyə sisteminin öncül komponenti olmaqla kapital bazarının inkişafında mühüm rol oynamasını, borclanma xərclərinin azaldılmasına töhfə verilməklə bu bazarın iştirakçıları üçün daha əlçatan olmasını nəzərə alaraq davamlı olaraq bazarı dəstəkləyici tədbirlərin həyata keçirilməsi birjanın prioritet hədəflərindəndir.
Repo əməliyyatları bazar iştirakçılarına risk və kapital mövqelərini effektiv şəkildə idarə etməyə və qısamüddətli likvidlik ehtiyaclarını ödəməyə imkan yaradır”, - BFB qeyd edib.