Azərbaycanda bankomatlarla əməliyyatların həcmi artıb

Maliyyə
  • 02 fevral, 2017
  • 11:03
Azərbaycanda bankomatlarla əməliyyatların həcmi artıb

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan ərazisində quraşdırılan bankomatların ümumi sayı aylıq müqayisədə 8 ədəd (+0,33%), ötən ilin əvvəlindən isə 244 ədəd (-9,06%) azalaraq 2016-cı il dekabrın 1-nə 2 450 ATM təşkil edib.

Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bankomatların 1 322 ədədi və ya 53,96%-i Bakıda, 1 128-i və ya 46,04%-i regionlarda yerləşir. Noyabr ayında paytaxtda 6 ədəd, regionda 2 yeni bankomat qoyulub. İlin əvvəli ilə müqayisədə paytaxtdakı bankomatların sayı 11,98% və ya 180 ədəd, regionlarda isə 64 ədəd və ya 5,37% azalıb.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bankomatların sayında 245 ədəd və ya 9,09%, o cümlədən paytaxtda 187 ədəd və ya 12,39%, regionlarda isə 58 ədəd və ya 4,89% azalma müşahidə olunub.

Hesabata əsasən, 2016-cı il dekabrın 1-nə ölkədə hər 4,0 min nəfərə bir bankomat düşüb. İlin əvvəlində isə bu göstərici 3,6 min nəfər/ATM təşkil edib.

Bir ATM-ə düşən əməliyyatların orta aylıq həcmi isə noyabrda 352,0 min manata yüksəlib. Bu da öz növbəsində əvvəlki ayla müqayisədə 0,9%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,59% artım deməkdir.