“Azərqarant Sığorta” ötən ay ödəniş etməyib

Maliyyə
  • 13 dekabr, 2016
  • 13:51
“Azərqarant Sığorta” ötən ay ödəniş etməyib

Bakı. 13 dekabr. REPORT.AZ/ Kapital çatışmazlığı səbəbindən 2016-cı il noyabrın 1-dən sığorta bazarını tərk etmiş “Azərqarant Sığorta” ASC ötən ay ödəniş etməyib. 

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, buna səbəb sığorta hadisəsinin baş verməməsidir. Son nəticədə şirkətin 11 aylıq ödənişləri 10 aylıqda olduğu kimi 988 manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 41,47% azdır.

“Azərqarant Sığorta”nın 10 aylıq yığımları isə 323 179 manat təşkil edib.

Bu ilin yanvar-noyabr aylarında “Azərqarant Sığorta” topladığı hər 100 manat sığorta haqqının 0,31 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-noyabr aylarında 0,76% olub.

Xatırladaq ki, "Azərqarant Sığorta" 1993-cü ildə yaradılmış "Şərqə Qapı Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 5,61 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 561 manat olan 10 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% Oqtay Abbas oğlu Əliyevə (Direktorlar Şurasının sədri) məxsusdur.