Azərbaycanın qiymətli kağızlar bazarı 32 % kiçilib
- 27 oktyabr, 2026
- 12:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 34 milyard 904,7 milyon manatlıq əməliyyat aparılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32 % azdır.
9 aylıq göstəricinin 5 milyard 931,7 milyon manatlıq hissəsi ilkin bazarda (4,2 % çox), 28 milyard 973 milyon manatlıq hissəsi isə təkrar bazarda (36,5 % az) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 49 622 əqd bağlanılıb. Bu, illik müqayisədə 2,1 dəfə çoxdur. Əqdlərin 26 341-i ilkin bazarın (8,9 dəfə çox), 23 281-i isə təkrar bazarın (12,8 % çox) payına düşüb.
Yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 4 milyard 568,1 milyon manatlıq hissəsi və yaxud 13,1 %-i dövlət qiymətli kağızlarının, 4 milyard 148,9 milyon manatlıq hissəsi və yaxud 11,9 %-i korporativ qiymətli kağızların, 26 milyard 187,7 milyon manatlıq hissəsi və yaxud 75 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 47,4 % az, 76,7 % çox və 35 % azdır.
9 ayda bu bazarda bağlanmış əqdlərin isə 638-i və yaxud 1,3 %-i dövlət qiymətli kağızlarının, 44 567-si və yaxud 89,8 %-i korporativ qiymətli kağızların, 4 417-si və yaxud 8,9 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 34,4 % az, 2,55 dəfə çox və 12,95 % azdır.