Bu ilin I yarısında Azərbaycanın qiymətli kağızlar bazarında 18 milyard 616,9 milyon manatlıq əməliyyat aparılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çoxdur.
Yarımillik göstəricinin 4 milyard 280,6 milyon manatlıq hissəsi ilkin bazarda (22,8 % çox), 14 milyard 336,3 milyon manatlıq hissəsi təkrar bazarda (2,9 dəfə çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 7 354 əqd bağlanılıb. Bu, illik müqayisədə 31,7 % çoxdur. Əqdlərin 1 182-si ilkin bazarın (1,8 % az), 6 172-si isə təkrar bazarın (41 % çox) payına düşüb.
Yanvar-iyun aylarında qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 3 milyard 653,5 milyon manatlıq hissəsi və yaxud 19,6 %-i dövlət qiymətli kağızlarının, 2 milyard 138,3 milyon manatlıq hissəsi və yaxud 11,5 %-i korporativ qiymətli kağızların, 12 milyard 825,1 milyon manatlıq hissəsi və yaxud 68,9 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, əvvəlki ilə nisbətən müvafiq olaraq 14,7 %, 53 % və 3,3 dəfə çoxdur.
İl ərzində bu bazarda bağlanmış əqdlərin isə 1 450-si və yaxud 19,7 %-i dövlət qiymətli kağızlarının, 2 018-i və yaxud 27,45 %-i korporativ qiymətli kağızların, 3 886-sı və yaxud 52,85 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar isə illik müqayisədə müvafiq olaraq 3,1 %, 10,6 % və 65,4 % çoxdur.