Azərbaycanın lombard şirkətinin istiqrazlarının 2-ci tranşı listinqə daxil edilib

Maliyyə
  • 25 aprel, 2024
  • 13:39
Azərbaycanın lombard şirkətinin istiqrazlarının 2-ci tranşı listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycanda daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) “GL” ASC-nin 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının 500 min manatlıq 2-ci tranşı standart bazar seqmentində listinqə daxil edilib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd istiqrazdan gedir. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək. Hərracın tarixi azı 2 iş günü qalmış Birjanın internet səhifəsində açıqlanacaq.

İstiqrazlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 12 %-dir. Faizlər aylıq ödəniləcək.

Prosesin anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.