Düşənbə və Astana rəqabətin qorunması sahəsində tərəfdaşlığı genişləndirəcək

Biznes
  • 29 oktyabr, 2026
  • 10:42
Düşənbə və Astana rəqabətin qorunması sahəsində tərəfdaşlığı genişləndirəcək

Tacikistan Hökuməti yanında Antiinhisar Xidməti və Qazaxıstanın Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi antiinhisar siyasəti sahəsində qarşılıqlı fəaliyyət haqqında qüvvədə olan memoranduma düzəlişlər, həmçinin əlavələr paketini hazırlamaq niyyətindədir.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Tacikistanın Antiinhisar Xidmətinin rəhbərinin müavini İkromiddin Azizzoda MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında bildirib.

O qeyd edib ki, baza sənədi 2018-ci il martın 14-də Astanada imzalanıb, lakin baş vermiş institusional dəyişikliklərlə əlaqədar onun yenilənməsinə ehtiyac yaranıb.

"Bu iş müvafiq orqanların strukturu və səlahiyyətlərindəki dəyişikliklər, yeni normativ-hüquqi aktların qəbulu, eləcə də əmtəə bazarlarının tənzimlənməsinin yeni növ və mexanizmlərinin meydana çıxması ilə şərtlənir", - İ.Azizzoda qeyd edib.

Tacikistan tərəfinin nümayəndəsi diqqəti ona yönəldib ki, memorandumun modernləşdirilməsi ikitərəfli tərəfdaşlıq istiqamətləri spektrini genişləndirməyə, ekspertlərin qarşılıqlı fəaliyyətini gücləndirməyə, rəqabətin qorunması və inkişafı sahəsində birgə fəaliyyətin səmərəliliyini artırmağa imkan verəcək: "Yenilənmiş sənədin imzalanmasının iki tənzimləyici orqanın praktiki əməkdaşlığına əlavə təkan verəcəyi gözlənilir".