Azərbaycanın IMF-dəki kvotası açıqlanıb
- 16 dekabr, 2021
- 08:24
Bu il noyabrın 1-nə Azərbaycan Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üçün ayırdığı 529 milyon SDR (739,9 milyon ABŞ dolları) kvotanın 471,1 milyon SDR-ı (658,9 milyon ABŞ dolları) istifadə üçün açıqdı.
“Report” xəbər verir ki, bu barədə IMF-in maliyyəsi ilə bağlı rüblük (rüb oktyabrın 31-də yekunlaşıb) hesabatında bildirilib.
Azərbaycan Respublikasının IMF-dəkı hesabına 57,9 milyon SDR (80,98 milyon ABŞ dolları) həcmində vəsait hələki daxil olmayıb.
Bu il ərzində Azərbaycanın İMF-dəki kvotası 96 milyon SDR-dan (134,3 milyon ABŞ dolları) 471,1 milyon SDR-adək artırılıb.
Qeyd edək ki, IMF-in Rəhbərlər Şurası cari ilin avqust ayının 2-də Fonda üzv ölkələr arasında əlavə 456,5 milyard həcmində Xüsusi Borclanma Hüquqlarının (SDR) yerləşdirilməsi barədə qərar qəbul edib.
Maliyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq verilən məlumata görə, qərarın qəbul edilməsi dünya ölkələrinin üzləşdiyi COVID-19 böhranı və bir çoxunun maliyyə durumunun kəskin pisləşməsi, ilk növbədə valyuta ehtiyatlarının tükənməsi ilə əlaqədardır.
Xüsusi Borclanma Hüquqları Fondun üzv ölkələri arasında onların Fonddakı kvotalarına, yəni iştirak paylarına mütənasib şəkildə yerləşdirilir.
Azərbaycanın IMF-dəki 0,082 % və ya 391,7 milyonn SDR həcmindəki kvotası son qərarın qəbulu nəticəsində 96 %-ə yaxın artırılaraq 767,1 milyon SDR-a (1,073 milyard ABŞ dollara) çatdırılıb.
IMF-in Rəhbərlər Şurasının 650 mlrd (456 milyard SDR) ABŞ dolları ekvalentində olan XBH-larının yerləşdirilməsi barədə qərarı cari ilin 23 avqust tarixində qüvvəyə minib və elə həmin gün də Azərbaycan Respublikasının IMF-dəkı hesabına 375,4 milyon SDR-ı həcmində vəsait daxil olub.
Xüsusi Borclanma Hüquqları IMF tərəfindən yaradılmış beynəlxalq ehtiyat aktividir və üzv ölkələrin beynəlxalq aktivlərinin artırılması üçün nəzərdə tutulur və istənilən ölkə XBH-nı xarici valyutaya dəyişə bilər.
Azərbaycan 1992-ci ilin 18 sentyabr tarixindən İMF üzvüdür. 1995-2005-ci illər ərzində iqtisadi islahatlar proqramının icrası üçün İMF hökumətə bütövlükdə 577,3 milyon ABŞ dolları məbləğində kreditlər ayırıb.