Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 4 milyard 051,4 milyon manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 91,3 milyon manat və ya 2,3 % çox olub.
"Report" xəbər verir ki, bu barədə Maliyyə Naziriyi məlumat yayıb.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2 milyard 259,9 milyon manat, Dövlət Gömrük Komitəsinin 487,2 milyon manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 3,3 milyon manat, Dövlət Neft Fondundan transfert isə 1 milyard 206,8 milyon manat təşkil edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 57,2 milyon manata, sair daxilolmalar isə 37 milyon manata bərabər olub.
Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, yanvar ayında dövlət büdcəsinin xərcləri 2 milyard 339,6 milyon manat təşkil edib ki, bu da aylıq proqnozdan 12,5 milyon manat və ya 0,5 % çoxdur.
"Beləliklə, cari ilin yanvar ayında rəsmi iş günlərinin sayının 18 olmasına baxmayaraq, büdcə xərcləri üzrə son illərin ən yüksək icra məbləği qeydə alınıb", - məlumatda deyilir.
Beləliklə, dövlət büdcəsinin profisiti 1,712 milyard manat təşkil edib.