Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur

Digər ölkələr
  • 09 noyabr, 2026
  • 03:20
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur

ABŞ və İran arasında danışıqlar hələlik irəliləyiş əldə edə bilməyib və tərəflər fikir ayrılıqlarının həllində irəliləyiş əldə etməkdən çox uzaqdırlar.

"Report"un məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bunu "Böyük Yeddilik" (G7) ölkələrinin Xarici İşlər Nazirlərinin görüşündə iştirak üçün Parisə yola düşməzdən əvvəl jurnalistlərlə söhbətində bildirib.

"İranla danışıqlarda irəliləyiş barədə məlumat verəcək bir sözüm yoxdur. Düşünürəm ki, nələrin baş verdiyini özünüz görə bilərsiniz. Onlarla əlaqə saxlamağa davam edən, müxtəlif ideyalar təklif edən bir sıra ölkələr var, amma mən deməzdim ki, biz irəliləyişin astanasındayıq", - o qeyd edib.

Eyni zamanda, Rubio ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının, o cümlədən İranla bağlı münaqişələrin diplomatik həllinə üstünlük verdiyini vurğulayıb.

"Prezident bu və digər hər hansı məsələni diplomatik yolla həll etməyə üstünlük verir. Təəssüf ki, bu, həmişə mümkün olmur, amma bunu etmək üçün fürsət olarsa, biz bunu araşdıracağıq", - dövlət katibi bildirib.