Bu il martın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 38 483,4 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il martın 1-i ilə müqayisədə 19,5 % çoxdur.
Bankların aktivlərinin 15 976,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 22,1 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,6 %-dən 41,5 %-ə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 21,8 % artaraq 33 421,9 milyon manata, o cümlədən depozit portfeli 31 % artaraq 27 055,5 milyon manata çatıb. Bunun 9 869,7 milyon manatı fiziki, 17 185,8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 19,7 %, şirkətlərin banklardakı vəsaitləri isə 38,5 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 15,1 % azalaraq 317,2 milyon manat olub.
Sektorun balans kapitalı isə 6,2% artaraq 5 061,5 milyon manat təşkil edib.