Bu il noyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 30 685,1 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 2,2% azdır.
Bankların aktivlərinin 13 141,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 4,3% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,2%-dən 42,8%-ə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 2% azalaraq 26 091,3 milyon manata, o cümlədən depozit portfeli 3,1% azalaraq 19 407,5 milyon manata düşüb. Bunun 7 760,7 milyon manatı fiziki, 11 646,8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 10,8% azalıb, şirkətlərin banklardakı vəsaitləri isə 2,7% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 2,35 dəfə artaraq 375,8 milyon manat olub.
Sektorun balans kapitalı isə 3% azalaraq 4 593,8 milyon manat təşkil edib.