Azərbaycanda ÜDM-in real artım proqnozu 3,8 %-ə artırılıb

Azərbaycanda ÜDM-in real artım proqnozu 3,8 %-ə artırılıb 2024-cü ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının real artımı 3,8 % olmaqla nominal ifadədə 121,3 milyard manata çatacağı gözlənilir.
Maliyyə
29 İyul , 2024 19:57
Azərbaycanda ÜDM-in real artım proqnozu  3,8 %-ə artırılıb

2024-cü ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının real artımı 3,8 % olmaqla nominal ifadədə 121,3 milyard manata çatacağı gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında deyilir.

Bu, dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3 milyard manat çoxdur.

Qeyri-neft ÜDM-si isə 84,7 milyard manat (əvvəlki proqnoza nəzərən 0,6 milyard manat çox) səviyyəsində gözlənilir. Qeyri-neft/qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,6 %-dən 5,5 %-ə qaldırılıb.

"2024-cü ilin dövlət büdcəsinin layihəsi baxılan zamanı (2023-cü ilin oktyabr ayında) İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş proqnozlara əsasən ÜDM 118,4 milyard manat, qeyri-neft/qaz ÜDM 84,2 milyard manat, real artım tempi isə müvafiq olaraq 2,4 % və 4,6 % səviyyəsində idi. Lakin 2023-cü ildə istehsal edilmiş ÜDM-in ehtimal edildiyindən artıq olması, 2024-cü ilin ilk 6 ayında qeydə alınmış makro-fiskal nəticələr, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı 2024-cü ilin sonuna gözləntilər cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsini şərtləndirib", - arayışda deyilir.

2024-cü ildə qlobal artım üzrə Beynəlxalq Valyuta Fondu (IMF) tərəfindən cari ilin iyul ayında verilmiş proqnoz aprel ayına nəzərən dəyişməz saxlanılıb (3,2 %), Dünya Bankı isə cari ilin iyun ayında qlobal artım proqnozunu ilkin təqdim edilmiş proqnozla müqayisədə 0,2 faiz bəndi artıraraq 2,6 % səviyyəsində müəyyən edib. Bu ilin ilk yarısında geosiyasi və geoiqtisadi gərginliyin və ticari fraqmentasiyaların hökm sürməsi, qlobal əmtəə bazarlarında qiymət tərəddüdlərinin müşahidə olunması, disinflyasiya meyillərinin zəifləməsi qlobal iqtisadi gözləntilərlə bağlı qeyri-müəyyənliyə təsir edən amillər olub.

Beynəlxalq maliyyə institutları və agentliklərinin son proqnozlarına əsasən, xam neftin bir barelinin orta illik satış qiymətinin 75-85 ABŞ dolları civarında olacağı proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin hesablamaları üçün 60 ABŞ dolları səviyyəsində qəbul edilmiş xam neftin bir barelinin orta illik ixrac qiyməti dövlət büdcəsinə yenidən baxılma ilə 75 ABŞ dolları səviyyəsinə artırılıb.

Cari ilin ilk altı ayında ölkə iqtisadiyyatında yaradılmış əlavə dəyər 59 milyard 520,4 milyon manat olub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,3 % artım qeydə alınmışdır. Hesabat dövründə qeyri-neft/qaz sektorunda ÜDM-in həcmi 6,9 % artaraq 38 milyard 798 milyon manata bərabər olub. İqtisadiyyatın neft-qaz sektorunda isə real artım 0,6 % olub. İlin ilk yarısında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəəlik qaz hasilatı 5,3 % artsa da, əmtəəlik neft hasilatında 4,9 %-lik azalma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi