Azərbaycanda qeyri-həyat sığortası bazarı cüzi kiçilib
- 29 aprel, 2025
- 15:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 196,811 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % azdır.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 2,9 % azalaraq 54,509 milyon manata çatıb.
Beləliklə, 3 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 27,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 28,5 manat olub.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 399,083 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,95 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 164,029 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 7 % çoxdur.
Ötən 3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə də bu göstərici 41,1 manat olub.