Azərbaycanda qeyri-həyat sığortası bazarı cüzi böyüyüb

Maliyyə
  • 30 mart, 2024
  • 08:58
Azərbaycanda qeyri-həyat sığortası bazarı cüzi böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 138,97 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə cüzi çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 12,9 % artaraq 36,808 milyon manata çatıb.

Beləliklə, 2 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 26,5 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 23,5 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 239,719 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,4 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 97,434 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38,2 % çoxdur.

Ötən 2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 31,9 manat olub.