Azərbaycanda qeyri-həyat sığortası bazarı 30 % böyüyüb
- 26 avqust, 2023
- 07:55
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 373,418 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,4 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 8 % artaraq 115,241 milyon manata çatıb.
Beləliklə, 7 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəm ötən ilin eyni dövründə 37,3 manat olub.
Xatırladaq ki, yanvar-iyul aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 761,801 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 31,2 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 282,977 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 17,4 % çoxdur.
7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 41,5 manat olub.