Azərbaycanda qeyri-həyat sığortası bazarı 26 % böyüyüb

Maliyyə
  • 01 yanvar, 2024
  • 05:21
Azərbaycanda qeyri-həyat sığortası bazarı 26 % böyüyüb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 535 milyon 414 min manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26,2 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 31 % artaraq 222 milyon 384 min manata çatıb.

Beləliklə, 11 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,5 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 40 manat olub.

Xatırladaq ki, yanvar-noyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 108,234 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 26,6 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 497,466 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 24,1 % çoxdur.

11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,9 manatı ödəniş edilib. 2022-ci ilin eyni dövründə bu göstərici 45,8 manat olub.

Qeyd edək ki, ötən il Azərbaycanda sığorta şirkətlərinin sayı 3 illik fasilədən sonra azaldı. AMB “Günay Sığorta” və “Naxçıvan Sığorta” ASC-lərin lisenziyalarını ləğv edib. Onlar bazarı könüllü – özlərinin müraciəti əsasında tərk edib. Bununla da, ölkədə sığorta şirkətlərinin sayı 20-dən 18-ə düşüb.