Azərbaycanda qeyri-həyat sığortası bazarı 15 % kiçilib

Maliyyə
  • 23 aprel, 2022
  • 11:43
Azərbaycanda qeyri-həyat sığortası bazarı 15 % kiçilib

Bu ilin yanvar-mart aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 153,234 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 15 % azdır.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 28,7 % azalaraq 43,555 milyon manata düşüb.

Beləliklə, 2022-ci ilin yanvar-mart aylarında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 28,4 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2021-ci yanvar-mart aylarında 33,9 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 258,425 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 61,228 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,4 dəfə azdır.

3 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 23,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 58,4 manat olub.