Azərbaycanda pul köçürmələrinə dair xərclərin azaldılması yolları açıqlanıb

Azərbaycanda pul köçürmələrinə dair xərclərin azaldılması yolları açıqlanıb Azərbaycanda pul köçürmələri sahəsində yeni rəqəmsal həllər hazırlanır.
Maliyyə
12 Aprel , 2023 12:20
Azərbaycanda pul köçürmələrinə dair xərclərin azaldılması yolları açıqlanıb

Azərbaycanda pul köçürmələri sahəsində yeni rəqəmsal həllər hazırlanır.

"Report" xəbər verir ki, bunu "Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi" layihəsinin İşçi Qrupunun növbəti görüşündə tədqiqat qrupunun rəhbəri, beynəlxalq ekspert Anna Proxorova deyib.

O qeyd edib ki, elektron pul köçürmələri iqtisadiyyatda şəffaflığın artırılmasına imkan yaradır:

"Biz pul köçürmələri ilə bağlı xərclərin azaldılmasına yönəlmişik. Məsələn, pul vəsaitlərinin kartdan karta köçürülməsi və ya başqa üsulla SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) şəbəkəsindən yan keçmək bizə xərcləri və komissiya haqlarını azaltmağa imkan verir. İnanırıq ki, istər yerli, istərsə də beynəlxalq səviyyədə bu məqsədlərə nail ola bilərik. Bankların "fintex" oyunçuları ilə əməkdaşlığı inkişaf etdirmək marağı buna sübutdur".

A.Proxorova qeyd edib ki, pul köçürmələrinin bank sisteminin bir hissəsi olmasına baxmayaraq, qanunvericilik bank olmayan təşkilatlara bu əməliyyatları həyata keçirməyə icazə vermir.

"Biz həm innovativ, həm də qanunun optimallaşdırılması baxımından yeni imkanların araşdırılması üzərində işləyirik. Rəqəmsal pul köçürmələri sektorun inkişafı üçün perspektivli sahə hesab etmək olar. Azərbaycan bu gün Türkiyəyə və Rusiyaya böyük həcmdə pul köçürmələri həyata keçirir. Həmçinin biz ölkə daxilində həm bank, həm də poçt vasitəsilə pul köçürmələrinin artdığını görürük. Hesab edirik ki, ilk növbədə, əhalinin maliyyə savadlılığının artırılması və rəqəmsal pul köçürmələrinin təşviqi ilə bağlı aparılan işləri davam etdirmək lazımdır", - deyə ekspert əlavə edib.

A.Proxorova vurğulayıb ki, Azərbaycan modeli bankların və poçt şöbələrinin yeganə pul köçürmə xidməti təminatçıları kimi fəaliyyət göstərməsini təsbit edir.

"Azərbaycan Mərkəzi Bankı tərəfindən ödəniş sistemləri ilə bağlı yeni qanun hazırlanmasına baxmayaraq, pulköçürmə sistemlərinə mövcud qanunvericiliyə əsasən lisenziya verilmir. Banklar, ümumiyyətlə, pul köçürmə xidmətlərini aşağı gəlirli məhsul hesab edir və ona görə də, bu əməliyyatları rəqəmsallaşdırmağı məqsədəuyğun hesab edirlər. Bu isə banklara yeni müştərilər, yeni kart sahibləri cəlb etməyə imkan yaradacaq.

Digər tərəfdən, pulköçürmə sistemləri üzrə ödənişlərin mobil bankçılıq proqramına isteqrasiyası üçün şərt kimi rəqəmsal pul köçürmələri üçün hədəf göstəriciləri formalaşdırır", - deyə ekspert əlavə edib.

Son xəbərlər

Orphus sistemi