Azərbaycanda problemli kreditlər niyə artır?

Azərbaycanda problemli kreditlər niyə artır? Bankların aqressiv siyasət aparması məsələsinə gəldikdə bunun müştərini maraqlandırmaq, onun diqqətini cəlb etməkdən başqa bir şey olmadığı deyilir
Maliyyə
25 Avqust , 2021 18:19
Azərbaycanda problemli kreditlər niyə artır?

Ötən ilin dekabr ayından bu ilin aprelinə kimi olan aralıqda Azərbaycan banklarında vaxtı keçmiş kreditlərin həcmində aybaay artım qeydə alınıb. Mayda cüzi azalmadan sonra iyundan artım bərpa olundu. Avqustun 1-i tarixinə kredit təşkilatlarının portfelində 937,5 milyon manat həcmində vaxtı keçmiş kredit olub. Bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlərin artımı bankların son zamanlar nümayiş etdirdiyi aqressiv kredit siyasəti fonunda baş verir. Belə ki, kredit təşkilatları vətəndaşlara SMS göndərərək onlara əmək haqqının 10-20 misli qədər borc təklif edir. Onlar bəzi hallarda başqa bank qarşısında aktiv öhdəliyi olan şəxslərə belə kredit verməyə hazır olduqlarını bəyan edirlər. Bəs problemli kreditlərin həcminin artımı və bankların aqresiv kredit siyasəti aparması nə ilə əlaqədardır?

Bu barədə “Report”a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, problemli kreditlərin artması texniki məqamdır və hesabatlılıqla bağlıdır.

“Ümumiyyətlə götürəndə problemli kreditlərin qısamüddətli dövrdə dinamikasının dəyişməsi əsasən hesabatlılıqla bağlıdır. 2020-ci ildə tənzimləyici tərəfindən banklara müəyyən requlyativ güzəştlər verildi. Bu zaman onlara müəyyən gecikmələr müşayət olunan kreditlərin toksik aktiv hesab edilməməsi ilə bağlı bir tövsiyyə edildi. Bu ilin əvvəlindən bu gecikmələr artıq hesabatlılığa pisləşmiş kredit kimi düşməyə başladı. Buna görə də bu istiqamətdə mərhələli şəkildə müəyyən artımlar müşahidə olunur.

Nəzərə almaq lazımdır ki, bəzi banklar öz maliyyə göstəricilərini müəyyən qədər daha yaxşı göstərməyə çalışır. Yəni rəqəmlərlə manipulyasiya edir. Biz bunun təsdiqini ötən il bağlanan dörd bankın təcrübəsində gördük. Mərkəzi Bank sədri səviyyəsində etiraf edildi ki, həmin banklar verdiyi hesabatlarda açıqladığı maliyyə göstəricilərində dürüst davranmayıblar. Yəni tənzimləyiciyə belə düzgün məlumat təqdim etməyiblər. Bu mənada bir sıra hallarda bu toksik aktivlərlə bağlı açıqlanan indikatorlar real vəziyyəti əks etdirmir. Buna görə də problemli kreditlərlə bağlı vəziyyəti tam görmək mümkün olmur. Bu ilin əvvəlində requlyativ güzəştlərin müddəti bir az daha artırıldı və hazırda bu tip manipulyasiyaları etmək mümkündür. Lakin güzəştlər aradan qaldırılandan sonra real qiymətləndirmə həyata keçiriləcək. Bundan sonra biz problemli kreditlərin həcminin daha sürətlə artacağını görəcəyik. Bir məsələ də aydındır ki, koronavirus pandemiyası bazar şərtlərini ağırlaşdırıb. Həm biznesin həm də vətəndaşların kredit qaytarma qabiliyyəti pisləşib. Bu bir reallıqdır, bir faktdır. Belə şərtlər daxilində toksik aktivlərin artması normaldır, başa düşünüləndir”.

Bankların aqressiv siyasət aparması məsələsinə toxunan ekspert, bunun müştərini maraqlandırmaq, onun diqqətini cəlb etməkdən başqa bir şey olmadığını deyir.

Onun sözlərinə görə, kredit təşkilatları hələ də Məsuliyyətli Kreditləşmə Siyasətini gözləyirlər və bu çərçivədən kənara çıxmamağa çalışırlar: “Bankların aqressiv kredit siyasəti yürütmədiyi ilk növbədə statistikadan görünür. Belə ki, son 2 ildə kredit portfeli cəmi 1 milyard manat artıb. Yəni kəskin bir böyümə müşahidə etmirik. Təcrübə onu göstərir ki, vətəndaşlara mesajların, hədəfli bildirişlərin gəlməsi sadəcə diqqət cəlb etmək, maraqlandırmaq məqsədi daşıyır. Həm 2015-ci ilin iki devalvasiyasından sonrakı proseslərin, həm də koronavirus pandemiyasının yaratdığı təsirlərdən dolayı sağlam müştəri kontingenti əhəmiyyətli dərəcədə azalıb. Bazar xeyli kiçilib, bu da bankların manevr imkanlarını məhdudlaşdırır. Yəni banklar çox məhdud bir müştəri kontingenti üçün sərt mübarizə aparırlar. Aqressiv təkliflərlə çıxış etmələri bununla əlaqədardır. Bank sizə 30 min manata kimi kredit ala biləcəyinizə dair məsaj yollaya bilər. Amma banka müraciət etsəniz əksər hallarda nə qədər ciddi prosesin başladığını görəcəksiniz”.

Son xəbərlər

Orphus sistemi