Azərbaycanda nağdsız ödənişlərin həcmi 2,2 dəfə artıb

Maliyyə
  • 11 fevral, 2023
  • 09:37
Azərbaycanda nağdsız ödənişlərin həcmi 2,2 dəfə artıb

Bu il yanvarın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 13 milyon 257 min ədəd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 1,6 %, 2022-ci il yanvarın 1-i ilə müqayisədə 20,1 % çoxdur.

O cümlədən, son 1 ildə ölkədə debet kartlarının sayı 18,7 % artaraq 11,434 milyona, kredit kartlarının sayı isə 29,4 % artaraq 1,823 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin həcmi müvafiq olaraq 6,135 milyard manat (illik müqayisədə 50,9 % çox) və 429 milyon manat (50 % çox) təşkil edib.

2022-ci ildə kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi illik müqayisədə 2,2 dəfə aratarq 24 milyard 185 milyon manata, dekabr ayı ərzində isə 2 dəfə artaraq 2 milyard 967 milyon manata çatıb.

İl ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi debet və kredit kartları ilə əməliyyatların 41,3 %-ni, dekabr ayı üzrə isə 46,9 %-ni təşkil edib.

Bu il yanvarın 1-nə bankomatların sayı illik müqayisədə 3,1 %, POS-terminalların sayı 29,8 % artıb. Hazırda bankomatların sayı 2 997 ədəd, onlardan Bakı üzrə 1 565 ədəd təşkil edir, POS-terminalların sayı isə 79 100 ədəddir (Bakı üzrə - 53 561).

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

44 - Tezliklə